REGİONLAR
Ağsunun 3 kəndinə təbii qaz verilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Ağsu rayonunun daha üç kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublikada qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq oktyabrın 9-da Ağsu rayonunun Gürcüvan, Hinqar və Nüydü kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 306 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 min 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.