REGİONLAR


Ağsunun Hacman kəndində modul tipli tədris ocağı istifadəyə verilib

Ağsu, 11 oktyabr, AZƏRTAC

Ağsunun şimal dağlıq ərazisində rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Hacman kəndində ibtidai məktəb üçün 40 şagird yerlik yeni modul tipli tədris ocağı istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 11-də keçirilən açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Çıxışlarda respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, Göydəlləkli kəndində ümumi orta məktəb üçün 90 şagird yerlik modul tipli yeni bina da istifadəyə hazırdır. Bundan başqa, Abasxanlı kəndində tam orta, Sarvan və Sanqalan kəndlərində ümumi orta məktəblər üçün də 90 şagird yerlik modul tipli təzə binaların quraşdırılması üçün dövlət vəsaiti ayrılıb və yaxın vaxtlarda işlərə başlanılacaq.

Açılış mərasimində kənd bələdiyyəsinin sədri Tərlan Səmədov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.