REGİONLAR


Ağsunun dağ kəndinə təbii qaz verilib

Ağsu, 11 sentyabr, AZƏRTAC

Ağsu rayonunun şimal dağlıq ərazisində yerləşən, 610 nəfər əhalinin yaşadığı Nuran kəndinə təbii qaz verilib. 144 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 135 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 min 668 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi ilə əlaqədar sentyabrın 11-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, bölgələrdə, o cümlədən Ağsu rayonunda həyata keçirilən sosial layihələrdən danışıb. Vurğulayıb ki, Nuran kəndi rayonda təbii qazla təmin olunan 67-ci yaşayış məntəqəsidir və artıq bölgədə qazlaşdırma faizi 92,06 faizə çatıb.

Bildirilib ki, rayonun daha üç yaşayış məntəqəsi - Nüydü, Hinqar və Gürcüvan kəndləri də qazlaşdırılır və tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda sənədləşmə işləri aparılır. Yaxın vaxtlarda hər üç kəndə də təbii qaz veriləcək.

Açılış mərasimində kənd ağsaqqalı Sabir Məmmədov, ziyalı Lətif Hacıyev çıxış edərək bölgələrdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.