REGİONLAR
Ağsunun şimal dağlıq ərazilərində payızlıq taxıl əkini başa çatmaq üzrədir
Ağsu, 3 dekabr, AZƏRTAC
Ağsu rayonunda payızlıq taxıl əkini davam edir və bölgənin şimal dağlıq ərazilərində bu mühüm kampaniya artıq başa çatmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək Ağsuda 25 min 520 hektar sahədə taxıl əkilib. Bunun 11 min 780 hektarı buğda, 13 min 740 hektarı arpadır. Havaların yağmursuz keçdiyi günlərdə hər gün sahələrə 100-dək səpin aqreqatı çıxarılır. Dağlıq ərazilərdə yerləşən Kalva və Nuran icra nümayəndəliklərində, o cümlədən daha çox taxıl əkilən Gəgəli, Kəndoba, Rəhimli, Bozavand, Qaraqoyunlu və digər ərazi vahidlərində taxılçılar əlverişli keçən hər gündən səmərəli istifadə edir, səpin kampaniyasının tezliklə başa çatdırılmasına çalışırlar.
Qeyd edək ki, ötən payızda rayonda 33 min hektardan çox taxıl əkən fermerlər və fiziki şəxslər cari mövsümdə əkin sahələrini 1000 hektaradək artırmaq əzmindədirlər.