İQTİSADİYYAT
Ahadzi Yava Volali: Azərbaycan və Toqonun gömrük xidmətlərini müqayisə etsək görərik ki, sizin Dövlət Gömrük Komitəsi maddi-texniki bazasına və tətbiq etdiyi yeniliklərə görə bizdən çox-çox irəlidədir VIDEO
Qəbələ, 6 may (AZƏRTAC). “Qəbələdə gömrük işində İKT-nin tətbiqi ilə bağlı keçirilən bu beynəlxalq konfransın çox vacib əhəmiyyəti vardır. Bu tədbirin yüksək səviyyədə təşkilinə, ölkələrimiz arasında yaradılan əməkdaşlığa görə Azərbaycan dövlətinə təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələdə “e-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı olan Toqo Respublikasının Gömrük Qanunvericiliyi, Tarif, İqtisadi Rejimlər və Xarici Əlaqələr İdarəsinin rəisi Ahadzi Yava Volali jurnalistlərə müsahibəsində demişdir.
O qeyd etmişdir ki, bu beynəlxalq tədbir Toqoya müxtəlif ölkələrin təcrübəsindən bəhrələnməyə imkan verir. “Burada nümayiş olunan yeniliklər Toqonun gömrük xidmətinin müasirləşməsinə kömək edəcəkdir. Keçən ilin oktyabrında Bakıda olmuşam. Ötən müddət ərzində Azərbaycanın Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş islahatları və əldə olunan uğurları görürük. Bizim konfransda öyrənəcəyimiz və ölkəmizdə tətbiq edəcəyimiz önəmli məqamlar çoxdur. Azərbaycanın Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin yetişdirdiyi itlərin partlayıcı maddələr aşkarlaması üçün necə yüksək səviyyədə fəaliyyət göstərdiyinin şahidi olduq. Azərbaycan və Toqonun gömrük xidmətlərini müqayisə etsək görərik ki, sizin Dövlət Gömrük Komitəsi maddi-texniki bazasına, tətbiq etdiyi yeniliklərə görə bizdən çox-çox irəlidədir. Bu cür beynəlxalq tədbirlər bizim ölkənin gömrük komitəsinin inkişafına təkan verəcəkdir”.
Ahadzi Yava Volali qeyd etmişdir ki, informasiya- kommunikasiya texnologiyaları ilə bağlı ölkələr arasında məlumat mübadiləsinin aparılması məqsədi ilə keçirilən bu tədbirin əhəmiyyəti böyükdür. Burada müxtəlif ölkələrdən gələn gömrükçülərin çıxışlarını dinləməyimiz və onlarla yaxından söhbətlər aparmağımız təcrübə toplamağa kömək edir. Burada öyrəndiklərimizi ölkəmizdə tətbiq edərək fayda əldə edəcəyimizə ümidvarıq”.