REGİONLAR
Əhalinin artan sayı və kənd təsərrüfatının inkişafı fonunda su qıtlığının təsiri necə azaldıla bilər? – mütəxəssis açıqlayır

Bakı, 7 mart, AZƏRTAC
Təsirləri bütün dünyada, o cümlədən ölkəmizdə müşahidə olunan qlobal iqlim dəyişiklikləri səbəbindən ilin isti aylarında respublikanın su ehtiyatlarının böyük hissəsini təşkil edən Kür və Araz çaylarının suyunun azalması, dağ çaylarının böyük əksəriyyətinin isə tamamilə quruması müşahidə olunmaqdadır. Respublikamızın ərazisinin təqribən yarısının arid iqlim zonasında yerləşdiyini nəzərə alsaq, əhalinin artan sayı və kənd təsərrüfatının inkişafı fonunda bu təsirlərin daha da artacağı gözlənilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Riad Axundzadə bununla bağlı AZƏRTAC-a müsahibəsində bildirib ki, keçmiş illərə nəzərən, Mingəçevir su anbarına çoxsululuq dövrlərində daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir. Bunu nəzərə alsaq, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına, onun qorunmasına və mühafizə edilməsinə böyük ehtiyac var.
Mütəxəssisin sözlərinə görə, Mingəçevir su anbarını qidalandıran çayların sərfinin azalması, bununla yanaşı, Mingəçevir su anbarından qidalanan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları, o cümlədən Kür çayının xidməti ərazisində əkin sahələrinin son illərdə artması xüsusilə suvarma kanallarının sonunda yerləşən fermerlərin müəyyən çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Bənzər vəziyyət hazırda Kür çayının sonunda yerləşən Salyan və Neftçala rayonlarında da müşahidə olunur. Kür çayı üzərində yerləşən rayonlarda suya artmaqda olan tələbat, iqlim dəyişiklikləri fonunda çayın su sərfinin kəskin azalmasına gətirib çıxarır.
“Mart-aprel aylarında dağlıq ərazilərdə buzlaqların əriməsi, o cümlədən hazırda Mingəçevir su anbarından çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması problemin həllinə ümid verir”, - deyən Riad Axundzadə bildirib ki, iqlim dəyişilmələrinə qarşı mübarizə tədbirləri arasında önəmli faktorlardan biri yenə insan amili olaraq qalır: “Belə ki, cari ildə apardığımız monitorinqlər zamanı əksər torpaq sahələrində hamarlama işlərinin aparılmadığı müşahidə edilib, Səhmdar Cəmiyyətin mütəxəssisləri tərəfindən fermerlərə bunun su itkilərinin kəskin artmasına səbəb olduğu izah edilib. Müəyyən edilmiş digər bir səbəb isə sahə suvarılarkən suvarma texnologiyasına əməl olunmamasıdır. Əksər hallarda fermerlər tərəfindən su sahənin bir başından açılır və digər tərəfinə çatdıqda bağlanılır, suvarma zamanı arxlardan, suvarma zolaqlarından istifadə olunmur, sahədaxili kanallara bölünmə aparılmır. Həmçinin, ölkə ərazisində gecə suvarması çox az aparılır. Belə ki, soyuq torpağı axşam və ya gecə suvaranda gün ərzində isinən torpaqdan daha az su buxarlanır. Beləliklə bitkilər növbəti günün istisi gələnə qədər kifayət qədər su ala bilir. Lakin yuxarıda qeyd etdiyimə bənzər bir hal gecə suvarmalarının təşkilində də müşahidə edilir ki, bəzi hallarda fermerlər tərəfindən sahəyə verilən suvarmaya suyu axşam saatlarda açılaraq səhər saatlarına kimi nəzarətsiz saxlanılır”.
Səhmdar Cəmiyyətin nümayəndəsi qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin sonrakı illər ərzində daha da artması proqnozlaşdırılır, hər birimiz məhdud su ehtiyatlarından qənaətlə və səmərəli istifadə etməyə çalışmalıyıq. Bu istiqamətdə su ehtiyatlarının ən böyük istifadəçisi olan fermerlər su itkilərinin azaldılması məqsədilə aqrotexniki qaydalara uyğun olaraq əkin sahələrində vaxtında şumlama, hamarlama, əkin sahələrinin sahədaxili kanallara bölünməsi, səpinin vaxtında aparılması tədbirlərinə ciddi riayət etməli, suvarmada mütərəqqi texnologiyalardan istifadə genişləndirilməlidir.
“Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, su anbarlarının tikintisi, suvarma kanallarının təmiri, bərpası və yenidən qurulması, bütün istismar işlərinin effektivliyi birbaşa olaraq fermerlər tərəfindən suyun səmərəli istifadəsindən asılıdır. Əgər bir neçə il öncə ilə müqayisədə, bu gün kifayət qədər ciddi su çatışmazlıqları ilə rastlaşırıqsa, gələcəkdə ölkəmizə daxil olan su ehtiyatlarının daha 35-40 faiz azalacağına indidən hazır olmalı, bu istiqamətdə hər bir fərd, hər bir su istifadəçisi olaraq maariflənməli, ənənəvi sudan istifadə vərdişlərini dəyişdirməli, su itkilərinə yol verilməməsinə qarşı məsuliyyətli olmalıyıq. Yaşadığı regiondan, işlədiyi sahədən asılı olmayaraq hər bir vətəndaş bu gün məişət və ya kənd təsərrüfatında onun qənaət etdiyi hər damcı su ilə gələcək illər, gələcək nəsillər üçün davamlı su ehtiyatının yaradılmasında birbaşa rol oynadığını bilməlidir”, - deyə mütəxəssis əlavə edib.