CƏMİYYƏT
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 10 ildir ki, istismar olunur. Qazanılmış təcrübə nəzərə alınaraq yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilib. Həmin tədbirlər çərçivəsində 2007-2017-ci illərdə 24 rayonun 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçib.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, 15 rayonun 100 kəndində (77 min nəfər əhali) icraçı şirkət tərəfindən nazirliyin nəzarəti altında layihələndirmə işləri yekunlaşıb və artıq tikinti işlərinə başlanılıb. Bununla da, ümumilikdə, həmin fəaliyyət nəticəsində 484 yaşayış məntəqəsində 700 mindən artıq əhali keyfiyyətli içməli su ilə təmin ediləcək.