RƏSMİ SƏNƏDLƏR


Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkə ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması işinin təşkilini təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 6 ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin:

1.1. insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;

1.2. mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;

1.3. tamaşa və mədəni-marif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);

1.4. əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat versin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 aprel 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin