ELM VƏ TƏHSİL


Əhalinin psixoloji maarifləndirilməsi sahəsində iki qurum arasında niyyət protokolu imzalanıb

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Tibbi maarifləndirmə” proqramı çərçivəsində əhalinin psixoloji maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, hər iki qurum ölkə əhalisinin humanitar biliklərinin artırılması və psixoloji maarifləndirilməsi məqsədilə təşkilati və təbliğat xarakterli birgə tədbirlər keçirmək, alim, tədqiqatçı və mütəxəssisləri intellektual-maarifçi fəaliyyətə cəlb etmək niyyətindədir. Bundan başqa, əhaliyə psixoloji, psixopedaqoji və loqopedik xidmətlər sahəsində aktual problemlərin tədqiqi və təhlili ilə bağlı birgə elmi-praktiki konfranslar, seminarlar, “dəyirmi masa”lar, diskussiya və disputlar keçiriləcək.

Mərkəzin rəhbəri Təranə Məmmədova əhalinin psixoloji maarifləndirilməsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı materialların hazırlanıb dövri mətbuatda və sosial şəbəkələrdə yayılmasında, sosioloji sorğuların keçirilməsi və təhlillərin aparılmasında, psixoloq, psixopedaqoq, loqoped və psixoterapevtlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsində, ali məktəb tələbələri, gənc psixoloqlar, məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün aktual mövzularda seminar və konfransların təşkilində, psixoloji dəstəyə ehtiyacı olan imkansız ailələr üçün xeyriyyə tədbirlərinin keçirilməsində birgə fəaliyyətin faydalı olacağına əmin olduğunu bildirib.

Fondun bölgələrdə fəaliyyət göstərən bilik evləri ilə mərkəzin paytaxt və rayon filialları arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi xüsusi qeyd edilib. Bildirilib ki, hər iki qurumun birgə fəaliyyəti nəticəsində müvafiq mövzularda çap materialları hazırlanacaq, maarifləndirici vərəqə, broşürlər, analitik materiallar və bukletlər əhali, o cümlədən xüsusi qruplar (şagirdlər, tələbələr, valideynlər, müəllimlər, psixoloqlar, reproduktiv yaşda olan qadınlar, psixoloji yardıma ehtiyacı olan pasiyentlər və s.) arasında paylanılacaq.

Tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının hazırlanması və sentyabr ayından icrasına başlanılması barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.