REGİONLAR
Əhalinin qış aylarında kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində işlər davam etdirilir
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Bu ilin ötən dövrü ərzində muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 4081,5 tonadək kənd təsərrüfatı məhsulu, o cümlədən 3967,7 ton kartof, 55,6 ton soğan, 52,8 ton alma və 5,5 ton kələm məhsulu tədarük olunub, hazırda bu iş davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclasında səsləndirilib.
İclasda nazir Tapdıq Əliyev məruzə ilə çıxış edərək bildirib ki, dövlətin maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar yaradılıb. Ümumilikdə, soyuducu anbarların qurulması və məhsul tədarük edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 4 milyon 362 min 840 manat, o cümlədən 2019-cu ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 65 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2019-cu ilin ötən dövrü ərzində Şərur rayonunda üç soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb.
Nazir qeyd edib ki, əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bəhs olunan dövr ərzində bir istixana kompleksi istifadəyə verilib, bununla da istixana komplekslərinin sayı 32-yə çatdırılıb. Bununla yanaşı, hazırda muxtar respublikada tərəvəz məhsulları yetişdirilməsi üçün 2 istixana kompleksində işlər davam etdirilir. Cari ilin ötən dövründə istixana komplekslərində tərəvəz məhsulları yetişdirilərək satışa çıxarılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.