REGİONLAR
Əhalinin sağlamlığının qorunmasına yönələn aksiya xocavəndli məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır VİDEO
Beyləqan, 10 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır. Bu qəsəbələrin əhalisinin müayinəsi başa çatdıqdan sonra yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən Beyləqan və Ağcabədi rayonlarında məskunlaşan digər məcburi köçkünlər də dispanserizasiya ediləcəkdir. Beyləqan rayonu ərazisində 4771 nəfər, Ağcabədi rayonunda isə 2178 nəfər xocavəndli məcburi köçkünün müayinə edilməsi nəzərdə tutulub.
Rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Fövzi Tahirov bildirib ki, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi və profilaktikası məqsədi daşıyan aksiyanın mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri aparılıb. Sakinlər mərkəzi xəstəxanada terapevt, cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və s. müayinələrdən keçirlər. Artıq fevralın 2-dən indiyədək 1493 nəfər sakin tibbi müayinədən keçirilib. 41 nəfər ambulator, 8 nəfər stasionar müalicəyə cəlb edilib, 3 nəfər müalicə almaq üçün Bakı şəhərinə göndərilib.
Rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbinin müəllimi Tahirə Məmmədova AZƏRTAC-a müsahibəsində yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək deyib: “Qəsəbəmizin digər sakinləri kimi, mən də xəstəxanaya gələrək hərtərəfli müayinə olundum. Müayinə zamanı gözümdə problem aşkarlandı və uyğun müalicə kursu təyin edildi. Aksiyanın təşkilatçılarına və həkimlərə təşəkkürümü bildirirəm”.
Tibbi müayinədən keçən rayon sakini Gültəkin Ağayeva aksiyanın təşkilindən, həkim heyətindən, yaradılan şəraitdən razılıq edərək deyib: “Əhalinin sağlamlığının qorunmasına yönələn aksiya xocavəndli məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanır. Aksiya xəstəliklərin müəyyən edilərək vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. İnsanların sağlamlığının qeydinə qaldığı üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.