CƏMİYYƏT


Əhalinin sayı çox olan iri şəhərlərdə mütəmadi olaraq yeni ağaclar əkilməsi vacib məsələdir

Bakı, 6 dekabr, AZƏRTAC

Ağac təbiətdə olan bütün canlıların yaşaması üçün vacib olan oksigen mənbəyidir. Əldə edilən məlumatlara görə, 500 il əvvəl planetimiz 9,09 milyard hektar ərazini əhatə edən meşələrlə örtülü olub. Sonralar onun üçdə ikisi, yəni 6 milyard hektardan çoxu müxtəlif səbəblərdən məhv edilib. Bu gün meşələr təxminən 3 milyard hektar ərazini əhatə edir və planetin hər bir sakininə təxminən 0,5 hektar düşür. Mütəxəssislərin fikrincə, meşənin bir hektarı 500 nəfərin nəfəsi ilə yayılan karbon qazını udur. Yeri gəlmişkən, hər sakininə 50 ağac düşən şəhər ekoloji cəhətdən təmiz hesab olunur. Təəssüf ki, milyonlarla əhali yaşayan iri şəhərlər haqqında bu sözü demək olmur. Yeni əkilən ağacların daha çox oksigen verir, yaşlı ağaclar isə daha çox oksigeni udur. Ona görə də xüsusilə əhalinin sayı çox olan iri şəhərlərdə mütəmadi olaraq yeni ağaclar əkilməsi vacib məsələdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat metodiki bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasının iştirakçısı olan oftalmoloq əlavə edib: “XXI əsrin əvvəllərinə qədər vaxtilə mövcud olan meşə sahələrinin təxminən yarısı sıradan çıxıb və təəssüf ki, bu proses hələ də davam edir. Meşə iqlimə və havaya, karbon qazı tarazlığına əhəmiyyətli dərəcədə təsir göstərir və bilavasitə insanlara münasibətdə olduqca böyük sanitar-gigiyenik və müalicəvi əhəmiyyətə malikdir. Yaşıllıq zonaları şəhərin havasının təmizlənməsində müstəsna rol oynayır. 24 saat içində bir ağac orta hesabla üç nəfərin tənəffüsü üçün lazım olan oksigen sintez edir. İsti günəşli bir gündə bir hektar meşə havadan 220-280 kiloqram karbon qazı udur və 180-200 kiloqram oksigen buraxır. Bir hektar iynəyarpaqlı ağac ildə 40 tona qədər, yarpaqlı ağaclar isə təxminən 100 tona qədər toz tutur. Yaşıllıq zolaqları avtomobil nəqliyyatı ilə ifraz olunan zərərli tullantılarla mübarizə üçün kifayət qədər təsirli vasitədir. Araşdırmalar göstərir ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır”.

“Ağaclar təbiətdə yalnız oksigen mənbəyi deyil, eyni zamanda görkəmi ilə təbiətə gözəllik bəxş edir. Bəzi ağacların çiçəyi, yarpağı, qabığı bir çox xəstəliklərə məlhəmdir, meyvələri orqanizmimiz üçün vitamin mənbəyidir. Ağaclar çox olan yerlərdə xəstəlik törədən mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə azalır. Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər insan yaşayışının başlıca rəhnidir.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Elə buna görə də bu təşəbbüs bütün ölkə miqyasında böyük rəğbətlə qarşılanıb. Mən də bu aksiyanın iştirakçısı olduğuma görə özümü çox məmnun hiss edirəm”,- deyə o fikrinə yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.