REGİONLAR


Əhalinin siyahıyaalınmasının keçirilməsi üçün Qəbələ rayonunda 351 sayıcı məntəqəsi yaradılıb

Qəbələ, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızda bu il oktyabrın 1-dən 10-dək keçirilməsi nəzərdə tutulan əhalinin növbəti siyahıyaalınmasına Qəbələ rayonunda da ciddi hazırlıq işləri görülür. Bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon ərazisində 8 siyahıyaalma, 70 təlimatçı-nəzarətçi və 351 sayıcı məntəqəsi yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, siyahıyaalmaya cəlb edilmiş təlimatçı-nəzarətçi və sayıcıların təlimatlandırılması məqsədilə sentyabrın 23-də Qəbələ şəhər 5 nömrəli tam orta məktəbin akt zalında seminar-müşavirə keçirilib. Seminarı rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açaraq, iştirakçılara əhalinin siyahıyaalınmasının mahiyyəti barədə məlumat verib. Bildirilib ki, siyahıyaalma Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, 2019-cu il oktyabrın 1-dən 10-dək keçiriləcək. Əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanılması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Seminarda çıxış edən Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınmasının 1999-cu ildə keçirildiyini diqqətə çatdırıb. Müasir dövrdə əhalinin siyahıyaalınmasını qabaqcıl monitorinq tədqiqatı kimi səciyyələndirən idarə rəisi ölkədə sosial-iqtisadi proseslərin idarə edilməsində, sosial-iqtisadi proqramların işlənməsində və reallaşdırılmasında siyahıyaalmanın mühüm məlumat mənbəyi olduğunu bildirib, siyahıyaalma ilə məşğul olacaq məsul şəxslərin üzərinə düşən vəzifələri izah edib. Diqqətə çatdırılıb ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün ötən il oktyabrın 1-10-da Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması uğurla həyata keçirilib.

Sonda tədbir iştirakçılarının siyahıyaalma ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.