CƏMİYYƏT
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi imzalanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsinin imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsinin, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib. Nazir bu istiqamətdə aparılan işlərdə, həyata keçirilən islahatlarda BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın formalaşdığını diqqətə çatdırıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti bildirib ki, təmsil etdiyi qurum əlilliyi olanların məşğulluq imkanlarının artırılması sahəsində Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. O, həmçinin BMT-nin İnkişaf Proqramının əlverişli iş mühitinin yaradılması və inklüziv sahibkarlığın stimullaşdırılmasında Azərbaycan Hökumətini dəstəkləməkdən böyük məmnunluq hissi duyduğunu ifadə edib. Sonra S.Babayev və A.Frakassetti “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsini imzalayıblar.