CƏMİYYƏT
Əhalinin sosial rifahının gücləndirilməsi Azərbaycanın dövlət siyasətində prioritet təşkil edir
Bakı, 27 iyul, AZƏRTAC
Son 10 il ərzində ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması, gəlirlərinin artırılması, sosial-iqtisadi problemlərin həlli baxımından önəmli addımlar atılıb və tədbirlər görülüb. Dövlətimizin başçısının birbaşa təşəbbüsü, diqqət və qayğısı nəticəsində əhalini narahat edən problemlərin sistemli formada həlli mexanizmi yaradılaraq dövlət və cəmiyyət, Prezidentlə vətəndaşlar arasında güclü etimad və inam mühiti yaranıb. Bütün bunların nəticəsində əhalinin sosial rifah halının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətində yüksək səviyyəyə qaldırılıb.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universiteti Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev bildirib.
Ölkə iqtisadiyyatının davamlı, dayanıqlı inkişafının nəticəsi və iqtisadiyyatın neft amilindən asılılığının azaldılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrini rəqəmlərlə ifadə edən iqtisadçı alim deyib: “2010-2020-ci illərdə qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,6 dəfəyə yaxın artaraq ötən ilin yekununda 51 milyard manata yaxın olmuşdur. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı həmin dövr ərzində 2,4 dəfə artım nümayiş etdirmiş və 5 milyard manatdan 12 milyard manata qədər yüksəlmişdir”.
İqtisadi sahədə milli brendlərin yaradılması və ixracı istiqamətində atılan önəmli addımların əhalinin iqtisadi fəallığının təmin olunmasında, yerli istehsalın stimullaşdırılmasında, qeyri-neft ixrac məhsullarının çeşidinin genişləndirilməsində və həcminin artırılmasında önəmli rolunu vurğulayan Ş.Əliyev qeyd edib: “2010-2020-ci illərdə ixracda qeyri-neft sektorunun payı 7,4 faizdən 13,7 faizə qədər yüksəlmişdir. Əhalinin banklardakı əmanətləri 3 milyard manatdan 8,2 milyard manatadək qalxmış və ya 2,7 dəfə artmışdır. Sosial rifahın mühüm göstəricilərindən olan əhalinin gəlirlərinin real həcmi isə 1,3 dəfə, o cümlədən əhalinin hər nəfərinə düşən gəlirləri 2 dəfə artaraq adambaşına 5588 manata yaxın olmuşdur”.
“Azərbaycan dövləti özünün iqtisadi siyasətinin mərkəzində insan amilini ən yüksək səviyyədə dəyərləndirir”, - deyən Şəfa Əliyev bunun dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad mühitinin formalaşması üçün əsas şərtlərdən biri hesab edir. Əhalini narahat edən problemlərə, daha yüksək həyat şəraitini təmin edən məsələlərə dövlət səviyyəsində kompleks olaraq baxılır, planlaşdırılır və işlək icra, nəzarət mexanizmləri ilə müşayiət olunur. Əhalinin rahat yaşaması və rifahının yaxşılaşdırılması üçün lazım olan tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Bir sözlə, dövlətin reallaşdırdığı sosial-iqtisadi layihələrin əsas hədəfləri sırasında əhalinin sosial rifahı birmənalı şəkildə prioritet təşkil edir.