SİYASƏT


Əhalinin sosial rifahının gücləndirilməsi dövlətimizin siyasətinin prioritetidir

Bakı, 1 avqust, AZƏRTAC

Son 16 ildə Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə mükəmməl uğurlara imza atıb, beynəlxalq aləmdəki nüfuzu daha da artıb. Dövlətimizin başçısının rəhbərliyi ilə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Hazırda dünyanı maliyyə və iqtisadi böhran, qarşıdurmalar, böhranlar ağuşuna aldığı bir vaxtda Azərbaycanda əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, iri infrastruktur layihələrin reallaşdırılmasının uğurla davam etdirilməsi ölkəmizin reytinqini getdikcə yüksəldir. İlk növbədə, ölkəmizdə təhlükəsizliyin, sabitliyin təmin edilməsi qeyd edilməlidir. Bütün bunlar dünya birliyində Azərbaycana olan inam və etimadı daha da artırıb. Məhz buna görə də ölkəmiz dünyanın ən reytinqli tədbirlərinin keçirildiyi məkana çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılovun məqaləsində yer alıb.

Məqalədə deyilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması təsadüfi deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Bu baxımdan sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr də xüsusi önəm kəsb edir.

Bütün bunlar barədə iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə daha ətraflı məlumat verildi. Dövlətimizin başçısı dedi ki, biz əlavə gəlirlərimizin, demək olar, tam həcmini sosial sahəyə yönəldirik: “Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Prezident İlham Əliyev növbəti dəfə xalqın böyük etimadı ilə dövlət başçısı seçildikdən sonra ilk Fərmanını 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzalayıb. Həmin Fərmanla müəyyənləşdirilmiş qaydada hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verildi.

Dövlətimizin başçısı şəhid ailələri ilə keçirdiyi görüşdə bu yardımın həmin dövrdə şəhid olmuş bütün hərbi qulluqçulara veriləcəyini bəyan etdi və bu məsələ ilə əlaqədar imzaladığı digər Fərmanla 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində, təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlar və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir. Onların da sayı 460-dan çoxdur.

Dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral 2019-cu il tarixli Sərəncamı bu sahədə əsaslı dönüş kimi də qiymətləndirilir. Həmin sənəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davamı kimi, əhatə dairəsini daha da genişləndirmək məqsədi daşıyırdı. Fərmana əsasən, yaşa görə sosial müavinətin məbləği 130 manata, I qrup əlilliyə görə sosial müavinətin məbləği 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata, ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması qərara alınıb.

Bunlarla yanaşı, qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bu, hələ son hədd olmamışdır. Belə ki, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunmuş və məbləğ 100 manata çatdırılıb.

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği isə 150 manata çatdırılıb. Göründüyü kimi, heç bir sahə dövlət başçısının diqqətindən kənarda qalmayıb.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları və yeni qanunvericilik təşəbbüsü əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi xarakter daşıyır. Bu sərəncamlar 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verib. Sosial sahədə əsaslı dönüş yaradan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılıb.

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin təqdim etdiyi yeni uğurlu sosial paket bu bəyanatın daha bir real təsdiqi olmaqla, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişlərə imkan verib. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.

Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci artımdır. Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 18 iyun 2019-cu il tarixdə imzalanan digər sərəncamlarla müxtəlif qurumlarda çalışanların əməkhaqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50 faiz artırılması qərara alınıb. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.

Bu qayğıda biz - Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının da xüsusi payı vardır. Əməkdaşlarımızın sosial rifahının yaxşılaşdırılması və əmək şəraitinin daha da yüksəldilməsi daim ölkə rəhbərinin diqqətində olmuşdur. Məhz onun diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki bazasına və operativ fəaliyyətinə görə regionumuzda ən qabaqcıl və nümunəvi quruma çevrilmişdir. Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının müasir standartlar səviyyəsində qurulması əməkdaşlarımızın əmək şəraitinin daha da yüksəlməsinə səbəb olmuşdur.

Məhz ölkəmizdə vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş layihələrin nəticəsi olaraq, mənzil təminatının yaxşılaşdırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün Bakı şəhəri və ətrafinda Səngəçal, Suraxanı, Türkan və Biləcəridə çoxmənzilli binalar tikilib tam yaşayış standartlarına uyğunlaşdırılaraq mənzili olmayan işçilərə verilmişdir.

Bu günlərdə Baş Nazir Novruz Məmmədovun “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə bir sıra qərarlar imzalaması nazirliyin əməkdaşlarına göstərilən diqqət və qayğının yeni nümunəsidir. Baş Nazirin imzaladığı Qərarla “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilib. Qərarın icrası ilə əlaqədar müvafiq nazirliklərə tapşırıq verilib.

Qeyd edək ki, dövlət başçımızın Sərəncamı ilə 2011- ci il noyabrın 1-dən Fövqəladə Hallar Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə aylıq vəzifə (tarif) maaşları orta hesabla 30 faiz artırılmışdı.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı üzvləri olaraq, vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi məqsədilə son illər ərzində ölkə rəhbərinin imzaladığı çoxsaylı sərəncamlara, əhaliyə göstərdiyi yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin başçısını bir daha əmin edirik ki, müstəqil ölkəmizin inkişafı yolunda bundan sonra da həyata keçirəcəyi siyasətin həmişəki kimi hər zaman dəstəkçisi olacağıq.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində məntiqli daxili və xarici siyasəti verilən vədlərə sadiqliyin nümunəsidir. Dövlətimizin başçısının “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədi özünü bütün sahələrdə doğruldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.