REGİONLAR
Əhalinin tibbi dispanserizasiyası çərçivəsində 14 mindən çox qubalı pulsuz müayinə olunub VİDEO



Quba, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi dispanserizasiyası çərçivəsində Quba rayonunda fevralın 15-dən etibarən 14 mindən çox sakin müayinə olunub.
Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Tahir Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, müayinə olunan sakinlərin 2 min 192 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 2 min 73-ü ambulator, 119 nəfəri isə stasionar qaydada müalicəyə cəlb olunub. 51 nəfər müalicə üçün Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Qubada keçirilən müayinələr zamanı daha çox ürək, qan-damar, tənəffüs yolları və ağciyər xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Humanist aksiya çərçivəsində tibbi yoxlamadan keçənlərdən 964 nəfəri rentgen, 1880 nəfəri laborator, 846 nəfəri ultrasəs, 560 nəfəri isə elektrokardioqram müayinələrinə cəlb olunub.
Tahir Məmmədov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.
Quba Rayon Mərkəzi Xəstəxanası bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər.
Aprel ayının 1-dən etibarən xəstəxananın səyyar briqadaları kəndlərdə müayinələrə başlayacaqlar.
Mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.