REGİONLAR


Əhalinin tibbi dispanserizasiyasına Ağdam rayonunun 52 min sakini cəlb olunacaq

Ağdam, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 12-dən etibarən ölkəmizdə keçirilən əhalinin pulsuz tibbi dispanserizasiyasına Ağdam rayonunun 52 min 800 nəfər sakini cəlb olunacaq. Artıq bu günədək 7020 nəfər tibbi müayinədən yararlanıb.

Rayon mərkəzi xəstəxanasının həkimi Ənvər Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əhalinin tibbi müayinəsi mərkəzi xəstəxanada və kəndlərdəki sahə xəstəxanalarında aparılır. Bundan başqa, rayonun kəndlərində əhalinin tibbi müayinəsini həyata keçirmək üçün yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb. İlkin olaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədən keçirilirlər. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Sakinlər daha çox ürək-damar, sinir sistemi və dayaq-hərəkət sistemindən və kəskin respirator xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Bu günədək müayinə olunan sakinlərdən 114-ü ambulator, 34-ü stasionar müalicəyə cəlb edilib, 32 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.

Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.