İQTİSADİYYAT
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlirlər azalıb
Bakı, 24 noyabr, AZƏRTAC
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlirlər cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq 5 milyard 569,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, azalma koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədardır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 208,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.
On ayda hər bir ölkə sakini orta hesabla 558,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 193,3 manat az müxtəlif ödənişli xidmətlərdən yaralanıb.