CƏMİYYƏT


Əhliman Əmiraslanov: Dövlətimizin başçısının çevik siyasəti sayəsində səhiyyəmiz də öz dayanıqlığını qoruyub saxlayıb

Bakı, 2 iyun, AZƏRTAC

Mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini təqdir edib və bu sahədə Azərbaycanda görülmüş işlər barədə dolğun məlumat verib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

Komitə sədri deyib: “Ölkəmizdə artıq 2 milyon doza peyvənd istifadə olunub ki, bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilmiş, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunub. Görülən işlərin nəticəsində bu gün artıq yoluxma sayı təkrəqəmli ədədlə ifadə olunur. Ona görə də karantin rejiminin tədricən yumşaldılması üçün münasib şərait yaranmışdır. Sakinlər artıq açıq havada maska taxmamaq, müvafiq tələblərə uyğun olaraq metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı qazanıblar. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq mühitinin formalaşdığını vurğulayaraq bu qurumun fəaliyyətini dəstəkləmək məqsədi ilə ölkəmizin 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdiyi və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərildiyi barədə sessiya iştirakçılarını məlumatlandırıb. Təsadüfi deyil ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb”.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycan pandemiya ilə mübarizədə həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsi üçün bütün səviyyələrdə çağırışlar edib. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu xüsusda Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək lazımdır. Davam edən "peyvənd millətçiliyi", peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən bir daha narahatlığını bildirərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran dövlətimizin başçısı bununla əlaqədar ölkəmizin birmənalı mövqeyini də açıqlayaraq deyib: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”.

Deputat vurğulayıb ki, Zəfərlə bitən 44 günlük Vətən müharibəsində itkilərimizə və pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan Prezidentinin rəhbərliyi ilə çevik hərbi və sosial-iqtisadi siyasətin həyata keçirilməsi sayəsində ölkə səhiyyəsi də dayanıqlılığını qoruyub saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.