SİYASƏT
Əhməd Baba: Böyük siyasi xadim Heydər Əliyev Qars müqaviləsinə əsaslanaraq Naxçıvanı təhlükələrdən müdrikliklə qorudu
Ankara, 13 oktyabr, AZƏRTAC
Qars müqaviləsi bütün parametrləri ilə Azərbaycan və Türkiyənin tarixi nailiyyəti, parlaq siyasi uğurudur. Ötən yüz ildə dəyişən siyasi proseslərə baxmayaraq, hər zaman Qars müqaviləsinin Azərbaycan və Türkiyəyə gətirdiyi sülh nəticəsində qazanılan uğurlardan, ümumi təhlükəsizliyimizə verdiyi töhfələrdən iftixarla danışmışıq.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, tədqiqatçı Əhməd Baba ifadə edib.
1921-ci il oktyabrın 13-də Qars şəhərində imzalanmış müqaviləni bütün tərəflər üçün uğurlu siyasi anlaşma kimi dəyərləndirən Əhməd Baba deyib: “Keçmiş SSRİ-nin süqutu illərində təcavüzkar Ermənistanın Azərbaycana qarşı başlatdığı əsassız ərazi iddiaları Naxçıvan bölgəsi üçün də ciddi təhlükələr yaratmışdı. Böyük siyasi xadim Heydər Əliyevin Naxçıvanda siyasi hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi ilk mühüm tədbirlərdən biri Qars müqaviləsinin gündəmə gətirilməsi oldu. O vaxt Heydər Əliyev Qars müqaviləsinin şərtlərinə uyğun olaraq böyük uzaqgörənliklə Türkiyə ilə siyasi əlaqələri bərpa etdi və Naxçıvanı müdrikliklə qorudu, işğal təhlükəsi riskini qaradan qaldırdı. Bu tarixi addım, əldə olunan uğurlar və siyasi reallıqlar Qars müqaviləsinə nail olan dövlət xadimlərimizin xalqlarımız qarşısında nə qədər şərəflə və məsuliyyətlə xidmət etdiklərinin göstəricisidir”.
Azərbaycan-Türkiyə münasibətlərindəki çoxistiqamətli inkişaf dinamikasını yüksək dəyərləndirən tədqiqatçı vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 15-də imzaladıqları Şuşa Bəyannaməsinin mətni Qars müqaviləsinin nə qədər siyasi gücə malik olduğunu bir daha təsdiqləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara