SİYASƏT
Əhməd Baba: Gerçək soyqırımının nə olduğunu bilmək istəyənlər ermənilərin Xocalıda törətdiklərinə baxsınlar
Ankara, 1 noyabr, AZƏRTAC
ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamə dünyadakı ikili standartlara daha bir nümunədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Tarixdaş – Millətlər və Cəmiyyətlər” Dərnəyinin sədri Əhməd Baba söyləyib.
Bu məsələnin Türkiyə Respublikasının 96-cı ildönümü günündə ortaya çıxdığını xatırladan Əhməd Baba bildirib ki, məhz 29 oktyabr tarixinin seçilməsi təsadüfi deyildi. Məqsəd bayram sevincini təlx etmək idi. Lakin tarixin bütün dövrlərində türklər möhkəm olublar.
Məzlumlara, etnik və dini azlıqlara himayədarlıq etməyin Osmanlı dövlətinin təməl ənənəsi olduğunu diqqətə çatdıran Ə.Baba deyib: “Soyqırımı törətmək türk xalqının mentalitetinə ziddir. Əksinə, biz hər zaman əzilənə, darda olana, köməksiz qalana əl uzatmışıq. Türkiyəyə qarşı bu iddiada olanlar və onları dəstəkləyənlər öz gerçək tarixlərinə baxsalar daha yaxşı olar. Tarixdə gerçək soyqırımının nə olduğunu bilmək istəyənlər varsa, çox uzağa getməsinlər, ermənilərin 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxsınlar. Bu soyqırımının dəhşətləri günümüzdə də, tarixdə də kimin kim olduğunu aşkar şəkildə göstərir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara