QAN YADDAŞI
Əhməd Baba: Xocalı soyqırımının dəhşətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq mənəvi borcumuzdur VİDEO
Ankara, 18 noyabr, AZƏRTAC
Xocalı soyqırımı yer üzündə törədilmiş ən ağır cinayətlərdəndir. Bu soyqırımının bütün acılarını, dəhşətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün üzərimizə böyük tarixi məsuliyyət düşür. Bu, bizim mənəvi borcumuzdur.
Bu fikirləri Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba Ankarada keçirilən Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimat mərasiminin əhəmiyyətini AZƏRTAC-a şərh edərkən ifadə edib.
Rəhbərlik etdiyi dərnəyin Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edən Ə. Baba bildirib ki, əgər bütün dünyanın gözü qarşısında törədilən bu bəşəri cinayəti beynəlxalq aləmə tam şəkildə çatdıra bilmiriksə, deməli, işlərimizi daha da genişləndirməliyik. Bunun üçün Xocalı soyqırımına aid həqiqətləri fərqli dillərdə nəşr etmək, sosial medianın imkanlarından daha səmərəli yararlanmaq kimi hədəflərimiz var.
Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində Xocalı soyqırımı parkı və abidə kompleksi salınır. Noyabrın 16-da Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin, “Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” adlı kitabın və www.hocalisoykirimi.org saytının birgə təqdimatı keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara