REGİONLAR
Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin hesabat konserti olub
Sumqayıt, 4 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı “28 May” Mədəniyyət evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi hesabat konserti ilə çıxış edib. “Xarı bülbül” adlanan tədbir “Şuşa İli” çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Mədəniyyət evinin foyesində təşkil edilən məktəbin Rəssamlıq şöbəsinin şagirdlərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Vətən uğrunda canından keçən Qarabağ şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konsert proqramını “Xarı bülbül” rəqs qrupu açıb. Tar, qarmon, kamança, nağara, skripka, fortepiano, xor və xanəndə sinfinin şagirdləri T.Cəbrayılovun “Şuşam”, “Eloğlu”, Ü.Hacıbəylinin “Koroğlu” və “Cəngi”, T.Əhmədovun “Bayram mahnısı”, V.Hüseynov və A.Məftunun “Gözəl Şuşam” kimi Vətənə aid bir-birindən rəngarəng ifaları ilə tamaşaçılar tərəfindən maraqla izlənilib, alqışlarla qarşılanıb.