REGİONLAR


Əhməd Cavad istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən söz ustadlarındandır

Naxçıvan, 6 may, AZƏRTAC

Əhməd Cavad istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarındandır. O, daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında ağır repressiyalara məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Əhməd Cavad - 130” mövzusunda elmi konfransda danışılıb.

Konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev milli istiqlal şairi Əhməd Cavadın həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat verib, onu böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Vurğulayıb ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə, Türk dünyasına bağlı əsl mücahid olub, türkçülüyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilib. Bu səbəbdən də Vətən sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı olub.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il aprelin 20-də “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını diqqətə çatdıran akademik bildirib ki, konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 23 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq keçirilir. Plana əsasən, bölmənin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar konfransda “Əhməd Cavadın lirikası” mövzusunda məruzə edib. Əhməd Cavad poeziyasının ətraflı təhlilə cəlb olunduğu məruzədə vurğulanıb ki, şairin sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapıb, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunub. Əhməd Cavad təkcə şeir yazmaqla kifayətlənməyib, tərcüməçilik fəaliyyəti ilə məşğul olub, bir sıra məsul vəzifələri uğurla yerinə yetirib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Ramiz Qasımov “Milli istiqlal şairi: Əhməd Cavad” məruzəsində Əhməd Cavadın milli istiqlal mücadiləsində mühüm rolundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətindən söz açıb. Naxçıvan Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “İncə ruhlu şair” mövzulu məruzəsində müasirlərinin yaradıcılığının Əhməd Cavad poetikasında izləri, eləcə də şairin özündən sonrakı söz ustalarının yaradıcılığına təsiri məsələlərini əhatəli təhlil edib.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənalı Eyvazlı “İstiqlal şairinin poetik duyğuları”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Aytən Cəfərova “Əhməd Cavad və folklor”, “Naxçıvan” Universitetinin şöbə müdiri Anar Abuzərli “Cümhuriyyət qoxulu şair – Əhməd Cavad” adlı məruzə ilə çıxış ediblər.

X X X

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinə “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs keçirilib. Muzeyin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri izləyib.

Dərs zamanı Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verilib.

Sonra şagirdlər muzeyin ekspozisiyasında şairə həsr olunmuş guşəyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.