MƏDƏNİYYƏT
Əhməd Qurbanov: Sərhədlərin açılması ölkə turizmi üçün vacib bir məsələdir
Bakı, 3 iyun, AZƏRTAC
Yay turizminin özəlliklərindən biri də çimərlik zonalarıdır. Bu ərazilərdə də artıq yay mövsümünə hazırlıqlar başlayıb. Eyni zamanda dənizkənarı ərazidə yerləşən otellər də öz işlərini tamamlayıblar.
Bu fikri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov AZƏRTAC-a açıqlamasında deyib.
“Ümid edirik yaxın vaxtlarda quru sərhədlərimiz açılacaq. Sərhədlərin açılması ölkə turizmi üçün vacib bir məsələdir. Turistlərin əksəriyyəti qonşu ölkələrdən quru yollarla ölkəmizə gəlməyə üstünlük verirlər. Sərhədaşırı turizm vasitəsilə turistlər yaxın bir ölkədən Azərbaycana oradan da Gürcüstana səfər etməyi planlayırlar. Eyni şəkildə Gürcüstana gəlmək istəyən turistlər sonradan Azərbaycana üz tuturlar. Bəzi turistlər şəxsi maşını ilə yaxın ölkələrə səfər etməyə üstünlük verirlər. Ümid edirik ki, quru sərhədlər açılandan sonra ölkəmizdə turistlərin sayı artacaq”, -deyə Əhməd Qurbanov bildirib.