ELM VƏ TƏHSİL


Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans sentyabrın 20-də öz işini panellərlə davam etdirib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyi müdafiə etməsi kimi məsələlərdən söz açıb. Qeyd edib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Panellər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi və Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun moderatorluğu ilə keçirilib.

Panellərdə professor Temuçin Faik Ertan, dosentlər Lalə Hacıyeva, Rəşad Əsgərov, Fərhad Cabbarov, Cavid Bağırzadə, Leyla Məlikova, Ali Asker, tarix üzrə fəlsəfə doktoru Akif Vəliyev və fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov məruzələrlə çıxış ediblər.

Konfransda “Ə.Ağaoğlunun dini-teoloji baxışları”, “Əhməd Ağaoğlunun “İrşad” qəzeti”, “Əhməd bəy Ağaoğlunun sosial-siyasi baxışları”, “Əhməd Ağaoğlunun yaradıcılığında qadına münasibət”, “Demokratiya, yoxsa avtoritarlıq? Əhməd Ağaoğlu – Şevket Süreyya Aydemir polemikası”, “Əhməd bəy Ağaoğlunun siyasi fəaliyyətinin mühüm mərhələsi: “Difai” partiyasının yaradılması və proqramı”, “Bir daha “Difai” partiyası və partiyanın ilk Bəyannaməsi haqqında”, “Əhməd bəy Ağayevin (Ağaoğlunun) (1868-1939) görüşlərinin formalaşmasına İslam “nəhdə”si (İslam dirçəlişi) ideyalarının təsiri”, “Əhməd Ağaoğlunun islahatçılıq düşüncələri” mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, konfransda 6 paneldə 20-dən çox məruzə dinlənilib.

“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələr kitab şəklində çap olunacaq.

Xatırladaq ki, Aİİ öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.