REGİONLAR


Əhmədağa Rəhimov:“ABAD”la əməkdaşlıq nəticəsində hər ay 1500-2000 manat qazancım olur

Masallı, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərinin İsgəndərli yaşayış massivində yaşayan Əhmədağa Rəhimov ixtisasca mühəndis olsa da, sahibkarlıq fəaliyyətinə daha çox üstünlük verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1992-ci ildə ailə biznesini quran Ə.Rəhimov hazırda şəhərdəki “Masallı” hotelinə rəhbərlik etməklə yanaşı, kənd təsərrüfatı sahəsində də fəaliyyətini davam etdirir. O, 6 hektar sahəni əhatə edən yardımçı təsərrüfatında tərəvəz məhsulları yetişdirir, ətlik və südlük istiqamətli mal-qara və 45 arı ailəsi saxlayır.

Yerli iş adamı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bərabər, onların emalı ilə də məşğul olur, yardımçı təsərrüfatında kolbasa, pendir və müxtəlif növ turşular istehsal edir.

Ə.Rəhimov iki ildir Masallı şəhərindəki “ASAN Həyat” kompleksində fəaliyyət göstərən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Kəndli” brendi altında kolbasa məhsulları istehsalı ilə məşğuldur.

“ABAD”la əməkdaşlıqdan razı qaldığını bildirən yerli iş adamı deyib: “ABAD”la əməkdaşlıq nəticəsində hər ay 1500-2000 manat qazancım olur. Kolbasa istehsalı ilə əlaqədar ən müasir texnologiya və avadanlıqla təmin edilmişik. Əməkdaşlıqdan da çox razıyam.”

“ABAD” tərəfindən ət məhsulları istehsalı avadanlığı ilə təmin olunan Rəhimovlar ailəsi artıq bu gün ən yüksək standartlara uyğun, təmiz, keyfiyyətli və dadlı kolbasa məhsulları hazırlayır.

Əhmədağa Rəhimov kolbasa istehsalına olan marağını belə izah edib: “Hələ uşaq yaşlarımda atam evdə bizim üçün kolbasa hazırlayırdı və bu kolbasanın dadı tamam fərqli olurdu. Bu gün mən “ABAD”ın təqdim etdiyi istehsal avadanlıqlarının köməyi ilə həmin ailə reseptimizə uyğun hazırlanmış ət məhsullarını satışa çıxarıram.”

Yaxın gələcəkdə istehsal sahəsini genişləndirəcəyini vurğulayan Ə.Rəhimov yardımçı təsərrüfatında hazırlanan kolbasa məhsullarının “ABAD”ın dəstəyi ilə “BRAVO” supermarketlər şəbəkəsində satışa çıxarıldığını da diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.