REGİONLAR


Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ildə yekunlaşacaq VİDEO

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S. Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintidə çalışan işçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq göstərişlər verib.

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən I texniki dərəcəli və 81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Yolboyu 7 tunelin tikintisi aparılır. Tunellər şərti olaraq T1A (3340 metr), T1 (314,9 metr), T2 (556,9 metr), T3 (680,3 metr), T4 (540,6 metr), T5 (454,8 metr) və T6 (446,3 metr) adlandırılır.

Qazma işləri bir neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Qeyd olunub ki, 4 və 6 hərəkət zolaqlı inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 kilometri 6, 48-81,6 kilometr arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 metr və 21,5 metr təşkil edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.