CƏMİYYƏT
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam xalqımızın qəhrəmanlıq tarixinə verilən yüksək qiymətdir
Bakı, 12 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncam xalqımızın igid oğluna, bütövlükdə qəhrəmanlıq tariximizə verilən yüksək qiymətdir. Əhmədiyyə Cəbrayılov İkinci Dünya müharibəsinin ən böyük qəhrəmanlarından biri kimi, təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarıdnan kənarda da tanınan, ehtiramla anılan insanlardandır. 1941-ci ildən Fransa Müqavimət Hərəkatında iştirak edən, faşist Almaniyasına qarşı mütərəqqi dünyanın apardığı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərən Əhmədiyyə Cəbrayılov igidliyinə görə Fransanın müxtəlif orden və medalları ilə təltif edilib, ona cəsur hərbçi kimi xüsusi imtiyazlar verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Əhmədiyyə Cəbrayılova verilən bu imtiyazlardan biri hərbi parad zamanı ona generallardan da öndə getməyə imkan yaradırdı. Bu fakt Əhmədiyyə Cəbrayılovun necə böyük qəhrəman olduğunu sübut edir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam olduqca təqdirəlayiqdir. Sərəncam həm hərb tariximizə, qəhrəmanlarımıza, həm də dövlətimizin ümumbəşəri dəyərlərə verdiyi qiymətdir. Çünki Əhmədiyyə Cəbrayılov faşizmə, irqi, milli ayrı-seçkiliyə qarşı mübarizə aparıb. O, insanlığın, ümumbəşəri dəyərlərin, sülhün və əmin-amanlığın qorunması uğrunda səy göstərib. Bu isə o deməkdir ki, bu sənəd bütövlükdə faşizmə qarşı aparılan mübarizəyə, ümumbəşəri dəyərlərin müdafiəsinə verilən dəyərdir.
Torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olduğunu vurğulayan C.Xəlilov deyib: “Erməni faşizminə qarşı mübarizənin davam etdiyi bir şəraitdə Əhmədiyyə Cəbrayılovla bağlı imzalanan Sərəncam, eyni zamanda, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi baxımından önəmlidir. Gənc nəsil babalarının döyüş yolu, onların göstərdikləri qəhrəmanlıqları bilməli, bundan mənəvi güc almalı, erməni faşizminə qarşı mübarizədə bu rəşadətləri təkrarlamalıdır.
Əminəm ki, bu Sərəncamdan irəli gələn tapşırıqların icrası qəhrəmanlıq tariximizin öyrənilməsində və təbliğində yeni səhifə açacaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfə verəcək”.