SİYASƏT
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur VİDEO
Strasburq, 22 aprel, AZƏRTAC
Qarabağ məsələsində Türkiyəyə qarşı çox hirslidirlər. Dinlənilməli, çətinlikləri olan, problemlər yaradan qarşı tərəf - Ermənistandır. Ondan heç nə soruşmurlar, onlara heç nə demirlər. Lakin Azərbaycan və Türkiyə nümayəndə heyətləri bu münasibətə qarşı çıxırlar. Fəaliyyətimizi davam etdirir və onlara qarşı birlikdə mübarizə aparırıq. Türkiyənin terrora qarşı apardığı mübarizəni Avropa anlamır, anlamaq da istəmir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız söyləyib.
O deyib: “Türkiyə və Azərbaycanla bağlı sessiya çərçivəsindəki müzakirələrə mövzular saldılar, etiraz etdik. Amma bizi anlamırlar, anlamaq da istəmirlər. Etirazlarımıza diqqət etmirlər. Bəzən nəyi isə haqlı vurğulasalar da, daha çox adətən haqsız söyləyirlər. Türkiyə Avropa İttifaqına qəbul edilməsi istiqamətində daim monitorinq altındadır. Ancaq bu monitorinqlərin dayandırılması lazımdır. Ölkəmizdə insan haqlarına dair aparılan işlərlə bağlı daim məlumatlar veririk, lakin bunun bir faydası yoxdur. Burada bütün məsələlərə xarici siyasət prizmasından baxılır. Türkiyəni PKK ilə bağlı, indi isə daha çox Ermənistanla bağlı çək-çevirə salırlar, ancaq mübarizəmizi aparırıq. Bəzən bizi qabaqcadan, anlamadan günahlandırırlar”.
Türkiyəli diplomat qeyd edib ki, Avropa Şurasında Türkiyə ilə Azərbaycanın nümayəndə heyətləri arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq çərçivəsində birgə mübarizə bundan sonra da davam etdiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq