İQTİSADİYYAT
Aida Eyvazlı: “Kitablar əslində elə əsgərə məktubdur”
Bakı, 23 iyun, Ramiz Quliyev, AZƏRTAC
İyunun 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiyasının iştirakçılarından biri jurnalist Aida Eyvazlı olub.
AZƏRTAC-a müsahibə verən həmkarımız bildirib ki, aprel döyüşlərində igidlik göstərən qəhrəman oğullarımıza həsr etdiyi “Qalibiyyət –şahidlər və şəhidlər” adlı 2 cildlik kitablarını əsgərlərimizə hədiyyə etmək istəyir. Aksiyada iştirakı da məhz bununla bağlıdır.
A.Eyvazlı qeyd edib ki, apreldə şəhid olan qəhrəman oğullarımız haqqında kitab yazmaq üçün öncə onların ailələri və dostları ilə yaxından tanış olub. Kitablar Vətənimizin qəhrəmanlıq tarixi olmaqla, həm də aprel döyüşündə iştirak edən əsgərlərimizə böyük töhfədir.
“Mən əsgərlərə ürək sözümü bu kitablar vasitəsilə çatdırmışam. Kitablar əslində elə əsgərə məktubdur. İstəyirəm ki, “Azərpoçt” bu kitabları ünvansız əsgərə çatdırsın, vətənimin oğulları bu kitabları oxusun”.
Müsahibimiz onu da əlavə edib ki, öz kitablarını dəfələrlə hərbi hissələrdə qulluq edən əsgərlərə göndərib və onların belə nəşrlərə böyük maraq göstərdiklərinin şahidi olub.
Əsgərlərdən də ünvanına təşəkkür dolu məktublar aldığını söyləyən A.Eyvazlı bu kitabların həm folklor, həm də Azərbaycanın döyüş tarixi olduğunu dilə gətirib.