REGİONLAR
Aidə Cəlilzadə: Bu gün Azərbaycan dövləti öz siyasəti ilə şanlı tarix yazır
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bəli, Ümummilli Liderimizin də vurğuladığı kimi, bu gün Azərbaycan Respublikasının hər bir vətəndaşının, hər bir azərbaycanlının qürur hissi keçirdiyi, milli mənsubiyyəti, dövlətçiliyi, xalqı ilə fəxr etdiyi bir gündür.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikanın Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə deyib.
O bildirib ki, “Tarix keçmiş siyasətdir və siyasət indiki tarixdir”- deyiblər. Bəli, bu gün Azərbaycan dövləti öz siyasəti ilə şanlı tarix yazır! Minillərdən süzülüb gələn xalq, Vətən sevgisi bu gün də bütün hisslərin önünə keçərək baş qaldırıb! Otuz ilə yaxın bir müddətdə səbir etmiş, şəhidlər vermiş, işğala, soyqırımlara, deportasiyalara, saysız-hesabsız haqsızlıqlara düçar olmuş Azərbaycan xalqı “Artıq yetər!” deyərək, haqqı olanı geri qaytarmaq üçün Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək doğma Vətənimizin bütövlüyü uğrunda mübarizəyə qalxıb və işğal olunmuş torpaqlarımızı azad edən qəhrəman Azərbaycan Ordusunun bütün zəfərlərini böyük sevinc hissləri ilə qarşılayır! Bu gün dövlət-xalq-ordu birliyi bir vətəndaş olaraq görmək istədiyimiz, arzuladığımız ən gözəl mənzərədir! Xalq Ali Baş Komandanına və ordusuna bütün varlığı ilə güvənir! Mənfur düşmənin mülki vətəndaşları hədəf alması, təxribatlara əl atması qarşımızdakı düşmənin cılız xislətinin, birliyimizdən nə qədər qorxduğunun bariz nümunəsidir!
“Bizim gələcək nəsillərə ən böyük mirasımız məhz vahid, güclü Azərbaycan olacaq! “Ömürdən pay verərlər, torpaqdan pay olmaz!” - deyən xalqımız ərazi bütövlüyümüzün bərpası uğrunda son damla qanınadək mübarizə aparır və Azərbaycan üçün sipər olmağa hər bir vətəndaşımız hazırdır! Onillərdir ki, humanistlik nümayiş etdirən, beynəlxalq qanuna əməl edən Azərbaycan öz haqlı davasına başlayıb. Bu gün Qarabağsız böyüyən nəsil artıq öz ata-baba yurdlarına ayaq basmaq, atalarımızın mirasına sahib çıxmaq, ulu torpaqlarımızda yurd salmaq üçün səfərbər olub. Biz bizim olanı bizə qaytarırıq”, - deyən Aidə Cəlilzadə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sözlərini xatırladıb: “Bu gün Azərbaycan Ordusu öz torpağında ölkəmizin ərazi bütövlüyünü qoruyur, müdafiə edir.
Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”