REGİONLAR
“Ailə Akademiyası” Abşeron rayonunda
Xırdalan, 9 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət-ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının artırılması məqsədilə yerlərdə bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin Abşeron rayonu üzrə açılış tədbiri Abşeron Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov “Ailə Akademiyası” layihəsinin gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını diqqətə çatdırıb. Azərbaycanda dövlət-ailə siyasətinin uğurla davam etdiyini qeyd edən F.Cəbrayılov ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə geniş məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı “Ailə Akademiyası” layihəsinə dair təqdimatla çıxış edib.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.
Bununla yanaşı, qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də vurğulayan S.Qəhrəmanova mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələr barədə də məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən S.Qəhrəmanova, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Valideynlərin uşaqlarına qarşı məsuliyyətinin çox önəmli məsələ olduğunu bildirən sədr müavini qeyd edib ki, hər bir doğulan uşaq diqqət mərkəzində saxlanılmalı və qayğı ilə əhatə olunmalıdır.
Dövlət Komitəsinin sədr müavini internetin, eləcə də, sosial şəbəkələrin gənc nəslə təsirlərini qeyd edərək, layihənin bu istiqamətdə də faydalı olacağını diqqətə çatdırıb.
Daha sonra AMEA-nın professoru Rəna Mirzəzadə, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Aşağı Güzdək qəsəbə məscidi dini icmasının sədri Nemət Lətifov, Aşağı Güzdək bələdiyyəsinin sədri Mahizər Şirəliyeva, Loqos Psixoloji və Nitq inkişaf mərkəzinin psixoloqu, BDU-nun doktorantı Könül Cəfərova milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.