CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı bəyanat yayıb

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: “Aqressiya Qurbanı olan Günahsız Uşaqlar Gününün qeyd olunduğu iyunun 4-də azərbaycanlı uşaqlar növbəti dəfə erməni terrorundan zərər çəkdilər. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsinin bitməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri davam edir. İşğaldan azad olunmuş torpaqlarımızda çəkiliş aparan Azərbaycan Televiziyasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşlarının, həmçinin bir dövlət qurumu nümayəndəsinin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həyatlarını itirməsi, nəqliyyat vasitəsində olan digər dörd nəfərin isə ağır xəsarətlər alması ilə nəticələnən növbəti cinayət hadisəsi baş vermişdir. Nəticədə daha 3 ailənin azyaşlı uşaqları atasız qalmış, ata nəvazişindən və qayğısından məhrum olmuşdur.

Ermənistan Silahlı Qüvvələri tərəfindən davam edən amansız və aqressiv davranışlar 44 günlük Vətən müharibəsi dövründə özünü daha qabarıq büruzə verdi. Bütün dünya Azərbaycanın münaqişə zonasından kənarda yerləşən Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında mülki əhaliyə qarşı ermənilərin terror hücumlarının yaxından şahidi oldu. Bu terror hadisələri nəticəsində 12 uşağın həyatını itirməsi, 50 azyaşlının isə xəsarət alması işğalçı Ermənistan Silahlı Qüvvələrinin əsl simasını bir daha ortaya qoydu.

Otuz ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə, xüsusilə də uşaqlara qarşı amansız və aqressiv davranışlarının bu günədək davam etməsi, insanların həyat və sağlamlıqlarının ciddi təhlükə altında qalması ümumilikdə insan hüquqlarına ziddir.

Azərbaycan dövləti və xalqı barbarlığın, insan və bəşəriyyət əleyhinə düşmənçiliyin ən pis və eybəcər üzü olan Ermənistan və onun faşist xisləti ilə daha nə qədər üz-üzə qalmalı, daha nə qədər soydaşımız öz torpağında bu qəddar düşmənçiliyin qurbanı olmalı, daha nə qədər körpə, azyaşlı və yeniyetmənin ömrü yarıda qalmalı, gələcəyi məhv olmalı, arzu və xəyalları puç olmalıdır ki, cavabdeh beynəlxalq qurumlar buna laqeyd qalmasınlar və lazımi münasibət bildirsinlər?

Axı uşaqları müharibə və hərbi cinayətlərin təsirlərindən qorumaq, onların yaşamaq hüququnu təmin etmək hər birimizin borcudur. Hər bir uşağın sülh şəraitində, zorakılıqdan uzaq, xoşbəxt ailə mühitində, valideynləri ilə birgə yaşamaq hüququ vardır.

Odur ki, bütün aidiyyəti beynəlxalq təşkilatları və bütövlükdə dünya birliyini BMT-nin Uşaq Hüquqları Konvensiyasını, eləcə də Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, insan həyatına qəsd etməkdə davam edən erməni hərbi siyasi hakimiyyətini sərt şəkildə qınamağa, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritələrinin Azərbaycana verilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməyə çağırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.