CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müsabiqə elan edir
Bakı, 14 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsi elan edir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə yalnız müvafiq KİV-də (qəzetlər, jurnallar, agentliklər və “online” saytlar) işləyən və ya mütəmadi əməkdaşlıq edən jurnalistlər yalnız bir məqalə ilə iştirak edə bilərlər. Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu yazı əvvəllər heç bir yerdə dərc olunmamalıdır. Məqalənin sonunda müəllifin adı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim edildiyi qeyd olunmalıdır. Məqalə “Microsoft Word” proqramında yığılmalı, 14 ölçülü “Times New Roman” şrifti ilə yazılmalı, həcmi minimum A4 formatında 3 səhifə olmalıdır.
Layihə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Məqalədə real hadisə və faktlara istinad olunmalı, material mövzunu dolğun əhatə etməli, araşdırma keyfiyyətli olmalı, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsi nəzərə alınmalı, peşəkar səviyyədə yazılmalı və orijinal sərlövhə ilə diqqəti cəlb etməlidir. Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim edilməsi, maksimum çox oxucuya çatdırılması arzu olunandır. Müsabiqə 14 iyun - 14 iyul tarixlərini əhatə edir.
Müsabiqədə iştirak edən şəxslər məqalənin dərc olunmuş variantını (əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını) və ya “online” variantının linkini, əlaqə telefonlarını və e-mailləri, özləri haqqında qısa təqdimatla (CV), foto ilə birlikdə [email protected] e-mail ünvanına göndərməli, məktubun mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.
Müsabiqə ilə bağlı əlavə suallar olarsa, 498 80 93 nömrəsinə müraciət edə bilərsiniz.
Məqalələr və müvafiq məlumatlar dərc olunduğu gündən etibarən 2018-ci il iyulun 10-dək (həmin gün də daxil olmaqla) göstərilən ünvana göndərilməlidir.
Qaliblərin adları iyulun 18-də Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə elan olunacaq. Qaliblərə müvafiq mükafatlar və diplomlar təqdim ediləcək.