CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq əməyi ilə bağlı təlimlər keçirib
Bakı, 21 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq baxımsızlığı, uşaq əməyinin istismarı və uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq Komitə tərəfindən Bakı şəhəri və paytaxtda yerləşən məcburi köçkün rayonları üzrə yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları üçün növbəti təlimlər təşkil olunub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə fevralın 19-da Sabunçu rayonunda Sabunçu, Pirallahı, Qaradağ, Xəzər, Suraxanı, Yasamal, Xətai, Nərimanov, Şuşa rayonlarının, bir gün sonra isə Bakı şəhəri Nizami rayonunda Sumqayıt şəhəri, Abşeron, Nəsimi, Səbail, Binəqədi, Qubadlı, Zəngilan, Nizami rayonlarının qeyd olunan qurumlarının nümayəndələrinin iştirakı ilə təlimlər keçirilib.
Tədbirlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilib, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə, uşaq əməyinin vəziyyətinə dair müzakirələr aparılıb və təkliflər dinlənilib.
Təlimlər Komitənin uşaq problemləri şöbəsinin əməkdaşları Pərviz Əliyev və Fərid Ədilov tərəfindən aparılıb.