CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib
Bakı, 7 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının ilk görüşü keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində İctimai şuraya seçkilərin təşkili və İctimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi, İctimai şuraya seçki gününün müəyyən edilməsi məsələləri müzakirə edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Seçki Komissiyasının sədri Sədaqət Qəhrəmanova İctimai şuranın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, bu il vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyini daha da gücləndirmək məqsədilə İctimai şuranın üzvlərinin say həddinin 11 nəfər müəyyən olunması məqsədəuyğundur.
Komissiyanın üzvü, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, mayın 14-dən iyunun 22-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilib və ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki Komissiyasının üzvlərinə təqdim edilib.
Daha sonra Komissiya üzvləri - “Sosial Hüquqların araşdırılması” İB-nin sədri Mayis Əliyev, “Sağlam həyat naminə” İB-nin sədri Sədaqət Hüseynova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov, Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, “Vətəndaşların sosial rifahı və müdafiəsi naminə” İB-nin sədri Venera Əsgərova, Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Gender məsələləri və Qadın Problemləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Sonda Komissiya üzvləri mövcud vəziyyət nəzərə alınmaqla namizədlərin irəli sürülməsi üçün tarixin müəyyən edilməsi məsələsinə dair təkliflərini bildiriblər.
Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 11 üzvdən ibarət tərkibdə müəyyən edilib və İctimai şuraya seçki gününün keçirilməsi üçün nəzərdə tutulan müddətin pandemiya şəraiti nəzərə alınmaqla sentyabra təyin edilməsi qərara alınıb.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 21 nəfərin namizədliyi təsdiq edilib.