CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda cari ilin yanvar-iyun ayı ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Komitə sədri Bahar Muradova iclası giriş sözü ilə açaraq Azərbaycanda hazırkı siyasi, iqtisadi və sosial vəziyyətin qısa təhlili, bu fonda ailə, qadın və uşaq məsələlərinin aktuallığı barədə danışıb, qurumun öz işini bu sahədə qarşıya qoyulmuş vəzifələrin həllinə uyğun həyata keçirdiyini diqqətə çatdırıb.

Koronavirusla mübarizə çərçivəsində görülən işlər və təxirəsalınmaz tədbirlər barədə danışan Bahar Muradova Tovuz istiqamətində gərginlik zamanı da Komitənin öz səlahiyyətləri və imkanlarına müvafiq olaraq bu prosesə verdiyi töhfə, eləcə də bir sıra vacib sənədlərin və layihələrin hazırlanması, həmçinin qurum və onun strukturuna daxil olan bölmələrin həssas təbəqədən olan vətəndaşlara və ailələrə yönələn dəstək tədbirləri haqqında məlumat verib.

O, Komitənin dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də media ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək, bu istiqamətdə işlərin səmərəliliyinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri müvafiq sahələr üzrə dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin də həyata keçirilərək aidiyyəti qurumlara hesabatların təqdim edildiyini diqqətə çatdırıb.

Daha sonra Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva qurumun cari ilin birinci yarısı üçün iş planının icra vəziyyəti və 2020-ci ilin ikinci yarısı üçün iş planı ilə bağlı məruzə ilə çıxış edib. Ötən dövr ərzində iş planında nəzərdə tutulan fəaliyyətlərin Komitənin aidiyyəti şöbələri tərəfindən COVID-19 pandemiyası vəziyyətində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirildiyini bildirib.

Komitənin 2020-ci ilin növbəti yarımilliyi üçün iş planında əks olunan fəaliyyətlərə uyğun tədbirləri qeyd edən aparat rəhbəri ilin ikinci yarısında Azərbaycan Ailəsi Strategiyasının hazırlanması, ailə və gender məsələləri üzrə araşdırmaların aparılması, bələdiyyələrdə gender bərabərliyi üzrə məsul şəxslər üçün təlimlərin keçirilməsi, uşaqların müdafiəsi sahəsində tədbirlərin davam etdirilməsi və regionlarda Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətlərini əks etdirən tədbirlərdən və digər məsələlərdən danışıb.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər və hazırlanan mühüm sənədlər haqqında məlumatları diqqətə çatdırıb. Ölkədə gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadın və kişilər üçün bərabər imkanların yaradılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən S. Qəhrəmanova “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2020-2024-cü illər üçün”, “Azərbaycan Respublikasında Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illər üçün”, “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycan Respublikasında Tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət planlarının hazırlandığını da vurğulayıb.

Sonra çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva ailə və uşaq məsələləri istiqamətində həyata keçirilən tədbirləri, hazırlanmış sənədləri diqqətə çatdırıb, Uşaq Strategiyasının 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planı layihəsinin hazırlanaraq razılaşdırılması məqsədilə aidiyyəti qurumlara təqdim edildiyini deyib. O, eyni zamanda, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında məlumat verib, sənədin icrasında operativlik və səmərəli əlaqələndirmənin təmin edilməsi məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər planının hazırlandığını vurğulayıb. A.Sofiyeva, həmçinin Komitənin araşdırma və təhlil üzrə İşçi Qrupunun fəaliyyəti haqqında məlumat verib, müvafiq istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan araşdırmaları diqqətə çatdırıb.

Daha sonra Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiq edilməsi haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 09 iyul tarixli Qərarında dəyişiklik olunması barədə məruzə ilə çıxış edib.

Gündəlikdə duran cari məsələ kimi Komitədə elektron sənəd dövriyyəsinin təmin olunması ilə bağlı çıxış edən İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov qurum daxilində bu sahədə görülən işləri diqqətə çatdırıb.

İclas çərçivəsində uşaqların vəziyyəti ilə bağlı müəssisələrdə monitorinqlərin keçirilməsi, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə” Konvensiyaya dair hesabatın təqdim edilməsi ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi, ailə, qadın və uşaq məsələlərini əhatə edən spesifik problemlər üzrə bir neçə araşdırmanın aparılması məsələləri diqqətə çatdırılıb. Gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Komitə sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək, qurumun gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.

Qeyd edək ki, onlayn iclasda Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzinin nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.