CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nümayəndələri aprelin 28-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər.
Dövlət komitəsinin nümayəndələri görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar.
Ziyarətdən sonra jurnalistlərə açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib: “Azərbaycan xalqının daim adlarını ehtiramla andığı çoxsaylı ictimai, elm və mədəniyyət xadimlərimiz vardır. Həmin insanlar öz işləri, əməlləri ilə elmimizin, mədəniyyətimizin inkişafına layiqli töhfələr veriblər. Belə insanlardan biri də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevadır”.
Komitə sədri deyib ki, görkəmli oftomoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən həmişə hörmətlə anılır. İnsanlar əlamətdar günlərdə, doğum və anım günlərində onun məzarını ziyarət edir, görkəmli alimin xatirəsinə ehtiramlarını bildirirlər.
“Zərifə xanım Əliyeva əsl Azərbaycan qadını, gözəl ana, ictimai xadim, öz peşəsini dərindən bilən akademik və qəlbi Vətənə bağlı olan azərbaycanlıdır. Onun haqqında danışarkən xalqımızın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti göz önünə gəlir. Zərifə xanım Əliyeva Azərbaycan elminə, qadın hərəkatına töhfə verən insanlardandır”,- deyə komitə sədri qeyd edib.
Bahar Muradova, həmçinin vurğulayıb: “Xalqımız Zərifə xanım Əliyevanı həm də ona görə sevir ki, o, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, eləcə də müasir və qüdrətli Azərbaycanın Lideri, ölkəmizi dünyada tanıdan, bizlərə Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır”.
Komitə sədri qeyd edib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.