REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Abşeron rayonunda vətəndaş qəbulu keçirib
Xırdalan, 6 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 6-da Abşeron rayonunda vətəndaş qəbulu keçirib.
Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən qəbulda Sumqayıt şəhəri, Abşeron, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan 20-dən artıq sakin iştirak edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlər əsasən işlə təminat, qadın hüquqlarının müdafiəsi, sağlamlıq, təhsil, qadın və uşaq hüquqlarının müdafiəsi, qızların təhsildən yayınması, erkən nikah və boşanmaların yaratdığı problemlər, boşanmadan sonra əmlakın bölüşdürülməsi məsələləri ilə bağlı olub.
Qəbul zamanı şikayətlərin bir qismi yerindəcə həllini tapıb. Bir sıra məsələlər araşdırılmaq üçün nəzarətə götürülüb. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata alınıb.
Sonra Komitə sədri Heydər Əliyev Mərkəzinin böyük zalında rayonun fəal qadınları ilə görüşüb.
Görüşü açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ictimai-siyasi sahədə qadınların rolunun getdikcə artdığını, qəbul olunan Dövlət proqramlarının qadınların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini, gender bərabərliyinin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib.
“Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafında fəallığı ilə seçilir”, - deyən Hicran Hüseynova qeyd edib ki, ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ölkədə həyata keçirilən qadın siyasətinin uğurla reallaşdırılmasına öz töhfəsini verir, Azərbaycan qadınlarını beynəlxalq miqyasda layiqincə təmsil edir. O, çıxışında qadınları narahat edən bir sıra məsələlərə də toxunub.
Müzakirələr zamanı qadınları narahat edən bir çox məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.