REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib
İsmayıllı, 25 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazirlər və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 25-də İsmayıllı rayonunda, Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşların qəbulunu keçirib.
İsmayıllı, Qobustan, Ağsu, Şamaxı və Qəbələ sakinlərinin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
Qəbulda Komitənin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon sakinlərinə məlumat verib. Eyni zamanda, erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb, hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, müraciətlər qeydə alınıb.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb, aidiyyəti üzrə tədbirlər görülüb.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüş başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib, təklifləri nəzərə alınıb.