CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova ilə görüşüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Təşkilatın sədri Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən Komitə sədri Bahar Muradova faşizmə qarşı mübarizədə Azərbaycan xalqının fədakar mübarizəsinə diqqət çəkib. Xalqımızın XX əsrin 40-cı illərində faşizmə qarşı mübarizəyə böyük töhfələr verdiyini diqqətə çatdıran Komitə sədri 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə də qalib gəldiyini, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun ərazi bütövlüyümüzü təmin etdiyini bildirib.

Çıxışının sonunda B.Muradova Fatma Səttarovaya və İkinci Dünya müharibəsi veteranı Tacirə Qazıyevaya gül dəstəsi və hədiyyə təqdim edib.

Gəlişinə görə Komitə sədrinə minnətdarlığını bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının tarixin bütün keşməkeşlərindən şərəflə, alnıaçıq, üzüağ çıxdığını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, istər Hitlerçilərə, istərsə də, erməni faşizminə qarşı Azərbaycan xalqının mübarizəsi bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə, gələcək rifahına böyük töhfə olub.

Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Komitə sədrinə xüsusi yubiley medalını təqdim edib.

Sonda Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Xatirə kitabı”na ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.