REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib VİDEO
Neftçala, 12 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 12-də Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Salyan, Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.
Müraciətlər əsasən erkən nikahlar, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinət, xəstəliklərin müalicəsi, işlə təminat, qadın və uşaq hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı müraciətlərin çoxu yerindəcə həllini tapıb. H.Hüseynova yerlərdə həlli mümkün olan təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Komitənin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Qəbul başa çatdıqdan sonra komitə sədri Neftçala qadınları ilə görüş keçirib. Görüşdə müxtəlif məsələlər və problemlər müzakirə olunub, qadınların ictimai-siyasi fəallığının artırılması və başqa təkliflər nəzərdən keçirilib.