REGİONLAR
Ailə dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır
Qəbələ, 16 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 16-da Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailənin sosial institut kimi müasir cəmiyyətdə rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və psixoloqları, Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə vurğulanıb ki, ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Çıxış edənlər ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət ailə siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib, ailədə milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsindən, ailənin möhkəmləndirilməsindən, ailədaxili münasibətlərin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.