CƏMİYYƏT
“Ailə həftəsi” layihəsinə yekun vurulub
Bakı, 17 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Ailə həftəsi” layihəsinə yekun vurulub.
Sabunçu Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması, Sabunçu Gənclər evinin İnstaqram və Feysbuk sosial şəbəkələrindəki səhifələri vasitəsilə həyata keçirilən layihədə 200-ə yaxın gənc və gənc ailələr iştirak edib.
“Ailə həftəsi” layihəsi ümumilikdə “Gənclər ailədaxili münasibətlərdə”, “Ailə və cəmiyyət: Erkən nikah problemi”, “Ailə büdcəsini hesablanması” mövzusunda üç vebinardan, “Ailəmi sevirəm” fotomüsabiqəsindən və “Ailələr yarışır” intellektual yarışından ibarət olub.
Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sabunçu Gənclər evinin əsas məqsədi gənclərimizin sosial və fərdi inkişafını təmin etməkdir. Gənclər evi ödənişsiz kurslar və seminarlar təşkil edərək, gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda, onların təkliflərinin həyata keçirilməsi istiqamətində işlər görür. Gənclərin bilik və bacarıqları inkişaf etdirilərək cəmiyyətə faydalı fərd kimi qazandırmaq Sabunçu Gənclər evinin əsas məqsədidir.