REGİONLAR
Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir
Lerik, 18 dekabr, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Mondigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövzuilə bağlı çıxış edənlər gənclərin şəxsiyyət kimi formalaşmasında ailə dəyərlərinin rolundan danışıblar. Qeyd olunub ki, ailə dəyərləri xalqımızın zəngin milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Milli dəyərlərimizin fundamentini ailə dəyərləri təşkil edir.
Diqqətə çatdırılıb ki, azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Ailədə hər bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır.