REGİONLAR
Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır
Astara, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonunun Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Artupa Kənd Diyarşünaslıq Evində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövzu ilə bağlı çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışıblar.
Qeyd olunub ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycanda ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam və daha dolğun şəkildə qoruyub saxlamaqdadır.
Diqqətə çatdırılıb ki, ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirərək həmin sahədə mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib.
Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.
Tədbirdə gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin mühüm rolu müzakirə edilib. Vurğulanıb ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq çox vacibdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.