REGİONLAR
Ailə, qadın və uşaq hüquqları diqqətdə saxlanılır
Naxçıvan, 11 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması oktyabr ayında da diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan 170 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılıb. Onlardan 3-nün kompüter, 1-nin dərzi, 1-nin aşpaz, 1-nin bərbər-manikürçü, 1-nin toxuculuq peşə kurslarına cəlb olunması məqsədilə, ümumilikdə, 7 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilib.
Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb. Belə ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Məmmədovlar, Şərur rayonunun Düdəngə kəndində yaşayan aztəminatlı Qurbanovlar ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb, ailələrə ehtiyaclarına uyğun kömək göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı oktyabr ayı ərzində 15 nəfəri məktəbəqədər yaşlı olmaqla, 50 sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə yaradılıb və onlarla geniş maarifləndirici söhbət aparılıb. Əlaqə saxlanılan uşaqlardan 4-ü ümumtəhsil məktəblərinin I sinfinə, 5-i ümumtəhsil məktəblərinin hazırlıq sinfinə, 1-i Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinə cəlb olunub. Oktyabr ayı ərzində elektron məlumat bankına 679 uşaq haqqında fərdi məlumatlar daxil edilib.