CƏMİYYƏT


“Ailəliklə kitabxanaya” layihəsinə start verilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Milli Kitabxanada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında “Ailəliklə kitabxanaya” layihəsinin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib. O, Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyini söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva ideyanın həyata keçirilməsində dəstəyi olan təşkilatlara minnətdarlığını bildirib və layihənin məqsədinin cəmiyyətdə ailənin nüfuzunu artırmaq, ailə institutunu qorumaq, onu formalaşdırmaq olduğunu qeyd edib. O deyib ki, bu layihə mütaliəyə marağın artmasında, uşaqlara kitabı sevdirməkdə, ailəliklə mütaliə etməkdə, ailə münasibətlərinin, ailə bağlarının inkişafında çox böyük rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov belə layihələri dəstəklədiyini bildirib və mənəvi dəyərlərin qorunması istiqamətində çox işlərin görüldüyünü vurğulayıb. Eyni zamanda, Bilik Fondu tərəfindən də müxtəlif layihələrin həyata keçirildiyini bildirib və kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın rolunun əhəmiyyətinin xüsusi rolu olacağını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov layihə barədə fikirlərini söyləyib, müqəddəs dinimiz İslamda elmə, biliyə, təhsilə, kitaba önəm verildiyini vurğulayıb və məscid kitabxanalarında təkcə dini kitabların deyil, digər sahələrin də kitablarının olmasının vacibliyindən danışıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı kitaba, mütaliəyə sevginin ailədən gəldiyini söyləyib, gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların üzərinə düşən vəzifələrdən söhbət açaraq bu layihəni dəstəklədiyini bildirib.

Tədbir iştirakçıları gənc rəssam Nərmin Quliyevanın sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.